İyunun 11-də Naxçıvan şəhərində “Karyera sərgisi-2” fəaliyyətə başlayıb. Sərginin açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər rəsmi şəxslər iştirak edərək stendlərlə tanış olublar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi də sərgidə stendlə təmsil olunub. Nazirlik əməkdaşları vətəndaşlara xidmət göstərib, iş müraciətləri ilə bağlı qanunvericiliyə uyğun prosedurları yerindəcə icra ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən sərgi iki gün davam edəcək.
Sərgi çərçivəsində işaxtaranlar müxtəlif müəssisələrin nümayəndələri ilə birbaşa əlaqə qurmaq, şəxsi məlumatlarını təqdim etmək, vakant yerlər və təcrübə imkanları barədə ətraflı məlumat almaq imkanı qazanıblar.